TƏDBİRLƏR PLANI HƏYATA KEÇİRİLİR

Image

Noyabr ayının ilk günlərində havaların birdən-birə kəskin dəyişməsi müəssisəmizin balansında olan energetika qurğu və avadanlıqlarına heç bir mənfi təsir göstərmədi. Kollektiv həmişə olduğu kimi, həmin günlərdə də iş ahəngini normal qaydada davam etdird. “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndən (YGEŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir.

Mənbənin bildirdiyinə görə, 330 kV-lik "Yaşma" yarımstansiyasındakı avtotransformatorlar və onların avadanlıqları əsaslı təmir edilib, eyni zamanda, açıq paylayıcı qurğularda təmizlik işləri yerinə yetirlib, səliqə-sahman yaradılıb. 220 kV-lik "Sənaye qovşağı" yarımstansiyasında da analoji yenidənqurma və təmir işləri aparılıb.  Belə ki, burada  avtotransformatorların təmiri ilə yanaşı, II və  III "Sənaye qovşağı",  I "Poladəritmə" EVX-ləri və onların yardımçı avadanlıqları cari təmir edilərək normal iş rejiminə gətirilib. Təmir və yenidənqurma işləri 110 kV-lik "Sumqayıt-3" yarımstansiyasında aparılıb. Belə ki, burada 3 saylı 63 MVA-lıq transformator təmir edilib, V, VII, VIII "Sumqayıt", II "Sulfanol" və III "Sənaye qovşağı"  EVX-lərdə isə  eleqaz açarları və onların yardımçı avadanlıqları cari təmir olunub.

Qeyd edək ki, müvafiq təmir-bərpa işləri YGEŞ-in balans mənsubiyyətinə daxil olan digər elektrik verilişi xətlərində də aparılıb. Buradakı 330 kV-lik I VIII "Abşeron" HX- bir neçə dayağın ilgəkləri (şleyfi) təmir olunub, ildırımötürücü xətt armaturları yoxlanılıb. Müxtəlif təyinatlı təmir işləri 330 kV-lik "Xaçmaz" 220 kV-lik "Yaşma" EVX-lərdə icra edilib.

Onu da qeyd edək ki, yanğın təhlükəsizliyi ilə əlaqədar 110 kV-lik "Ceyranbatan" yarımstansiyasındakı 92 kubmetr tutumu olan su hovuzu təmir edilib. 330 kV-lik "Yaşma" yarımstansiyasında isə avtomatik yanğınsöndürmə qurğuları yoxlanılıb.  Müvafiq olaraq mühəndis-texniki işçilər, fəhlə və qulluqçular tərəfindən istehsalat sahələrində və tikinti meydançalarında payız-qış mövsümü ilə əlaqədar yanğın və alışmalara qarşı işlər görülüb, onları törədə biləcək səbəblər aradan qaldırılıb. Paralel olaraq, ərazi quru otlardan təmizlənib, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılıb və normal hala gətirilib.

Mənbədən onu da bildirdilər ki, Şamaxı və Qobustan rayonlarını qidalandıran 1-ci və 2-ci “Şamaxı” xətlərinin də normal istismarı üçün bir sıra mühüm işlər görülüb. Ağsu rayonundan Şamaxıya qədər olan hissədə bu xətlərin keçdiyi trassa bütünlüklə əsaslı təmir edilib və izolyatorlar daha keyfiyyətliləri ilə dəyişdirilib.

Sonda onu da qeyd edək ki, "Növbəti ildə müəssisənin qarşısında duran əsas vəzifələrdən biri də "Yaşma" yarımstansiyasındakı 1 saylı  200 MVA-lıq avtotransformatorun əsaslı təmir edilməsidir. Bundan başqa, "Sənaye qovşağı", "Kimyaçılar", "Ceyranbatan", "Sitalçay" "Xəzri" və digər yarımstansiyalarda yeni və daha güclü transformatorların quraşdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, artıq bu məqsədlə lazım olan avadanlıq alınaraq əraziyə gətirilib.