“BAKI İEM”: MÖVSÜMİ TƏDBİRLƏR VAXTINDA İCRA EDİLİR

Image

Dövlət müstəqilliyinin bərpasından sonra ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir (İEM). Digər enerji obyektlərində olduğu kimi, burada da mövsümi tədbirlər planı vaxtlı-vaxtında icra edilir. Bu da öz növbəsində həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış bu müəssisədə də istehsal prosesinin dayanıqlığını daha da artırır və nəticədə texniki–iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.

Müəssisədən “Azərenerji” ASC-nin Mzətbuat xidmətinə daxil olan məlumata görə, dispetçer qrafikinə uyğun olaraq  cari ilin 11 ayı ərzində 382 milyon kilovatsaat proqnoza qarşı 387 milyon kilovatsaatdan artıq elekirik enerjisi istehsal edilib. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində  həm elektrik, həm də istilik enerjisinin buraxılışına şərti yanacağın xüsusi sərfi göstəriciləri üzrə də nəzərəçarpacaq səviyyədə qənaətə nail olunub.

Qeyd edək ki, müəssisədə cari ilin noyabr ayında 42,7 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 193 min kilovatsaat çoxdur. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin son üç ayı ərzində pik boylerdə, 1 və 2 saylı qaz-turbin qurğularının avadanlıqlarında, mazut təsərrüfatının su, buxar və yanğın xətlərində, kompressor təsərrüfatında, dəniz suyu xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 110 kV-lik yarımstansiyanın da ərazisində müxtəlif təyinatlı təmir işləri aparılmış və transformator təftiş edilmişdir. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilmişdir. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir. Bura istehsalat sahəsində görülən təmir və abadlıq işləri ilə paralel olaraq müəssisənin inzibati binasında, həmçinin ayrı-ayrı xidmətlərin normal fəaliyyət göstərmələri üçün yaradılmış  şəraiti də əlavə etmək mümkündür. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Burada hasil edilən buxar respublikamızın ən iri emal müəssisələrindən olan  "Azərneftyağ" İstehsalat Birliyinin tələbatını tam ödəyir. "Azəristiliktəchizat" ASC də müəssisənin tələbatçılarındandır.