REYDLƏR NƏTİCƏ VERİR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Neftçala elektrik şəbəkəsindən” (EŞ) daxil olan məlumata görə, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 27 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 87,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 64 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində burada 373 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 463,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 147,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 81 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Hacıqabul” EŞ-dən əldə edilən məlumata görə, cari ilin noyabr ayında burada keçirilmiş reydlər zamanı 8 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 402,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 24,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 11 ayı ərzində 195 qayda pozuntusu faktı aşkar olunmuş, 2 milyon 624,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 157,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, mənbələrdən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.