“ŞİMAL”DA DA TƏMİR-TƏFTİŞ İŞLƏRİ APARILIB
Dövlət müstəqilliyinin bərpasından sonra yeni generasiya güclərinin, o cümlədən istilik elektrik stansiyalarının tikilməsi barədə də qərar qəbul edildi. Məlum olduğu kimi, respublikanın tələbatçılarının böyük hissəsi və əsas istehsal obyektləri Abşeron yarımadasındadır. Ölkədə elektrik enerjisi istehlakının yarıdan çoxu bu regionun payına düşür. Məhz buna görə də Abşeron yarımadasında yeni güclərin istifadəyə verilməsi sahənin perspektiv inkişaf planına daxil edildi. Yanacağın daha keyfiyyətli şəkildə çatdırılmasını təmin etmək və köməkçi infrastrukturdan yararlanmaq məqsədilə yeni enerji bloklarının köhnə elektrik stansiyalarında inşa edilməsi qərara alındı. Bu qəbildən və Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” elektrik stansiyasının (ES) 400 MVt-lıq enerji blokunda cari ilin 11 ayı ərzində 1 milyard 936 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu isə proqnozdan 6,6 milyon kilovatsaat çoxdur.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.
Mənbənin məlumatına görə, cari ilin ötən ayında isə burada 214,3 mln. kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da aylıq proqnozdan 260 min kilovatsaat artıqdır.
Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək digər texniki göstəricilərin də yüksək olduğunu bildirdi.
Qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, bu enerji blokunda da təmir-təftiş işləri aparılmışdır. Buraya müxtəlif təyinatlı iş prosesləri ilə əlaqədar istismar edilən nasoslarda, ən əsası isə yüksək təzyiqli işəburaxma nasoslarında, qaz təmizləyici, qızdırıcı və kompressorlarında, hava təmizləyici sistemlərdə aparılmış müxtəlif təyinatlı təmir işləri, generatorların təftişi və təmiri daxildir.
Məlumat üçün bildirək ki, “Şimal” ES MMC-də sayca ikinci 409 MVt-lıq enerji blokunun tikintisinə də start verilib. Mənbədən əldə etdiyimiz məlumata əsasən qeyd edək ki, ikinci enerji blokunun istifadəyə verilməsindən sonra ES-in gücü iki dəfə artırılaraq 809 MVt-a çatdırılacaq.
Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilərək saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri keçirilir.