DAYANIQLIĞIN YÜKSƏLDİLMƏSİ VACİBDİR
“Xırdalan Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisinə Xırdalan şəhəri, Kənd Xırdalan, Masazır qəsəbəsi, Qobu, Hökməli, Müşfiqabad, "At yalı", Qobustan kəndi, Çaylı, Pirəküşkül və "Quşçuluq" yaşayış məntəqələri daxildir. Şəbəkə ümumilikdə 42700-ə yaxın abonentə xidmət göstərir. Bundan təxminən 40 minə yaxını məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir. Həmin qrupa daxil olan abonentlərin 3800-dən çoxu qaçqın və məcburi köçkündür.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkə üzrə payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində xeyli iş görülüb. Zərurət yaranan ərazilərdə transformatorlar dəyişdirilib. 10 transformator daha güclüsü ilə əvəzlənib. Masazır kəndində 4, Qobuda 3, Hökməlidə 2, "At yalı" yaşayış massivində 1 transformator təmir edilib. Xırdalan şəhəri daxilində olan transformatorlar isə təftişdən keçirilib və onlara yağ əlavə olunub. Şəhərin mərkəzi hissəsində yerləşən 2 saylı mərkəzi paylayıcı məntəqədə də ciddi işlər görülüb.
Qeyd edək ki, elektrik verilişi xətlərində naqillərin təzələnməsi də görülən işlər sırasındadır. 10 kilovoltluq “YDM” hava xəttində 1500 metrə yaxın AS markalı naqildən istifadə olunub. Həmçinin "Masazır" hava xəttində də əhəmiyyətli işlər aparılıb. Ərazinin SİP kabellə təminatı əsasən həyata keçirilib. Sayğaclaşdırma isə 90 faizə yaxın təşkil edir və bu sahədə işlər davam etdirilir.
Onu da qeyd edək ki, digər şəbəkələrdə olduğu kimi, burada da elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Lakin belə halların aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür. Cari ilin noyabr ayı ərzində 20-dən çox abonentə qarşı itirilmiş elektrik enerjisinin istehlak dəyərinin bərpası ilə əlaqədar akt tərtib olunub.
Mənbədən onu da bildirdilər ki, xidməti əraziyə daxil olan sahələr arasında istehlakçıların artım tempinin yüksək olduğu Masazır qəsəbəsinin inkişafı daha sürətlə gedir. İndiyə kimi ərazinin elektrik enerjisi ilə qidalanması əsasən 110 kV-lik "Ə.Vahid" xətti vasitəsilə həyata keçirilir. Lakin məsafə uzaqlığı nəzərə alınaraq, ərazinin enerji təchizatının bu yaxınlarda tikilib istismara verilmiş 110 kilovoltluq "Masazır" yarımstansiyası vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu da şübhəsiz ki, ərazinin enerji təminatının daha da yaxşılaşmasına və dayanıqlığın yüksəlməsinə əhəmiyyətli təsirini göstərəcəkdir.