ƏHƏMİYYƏTLİ İŞLƏR GÖRÜLÜB
Son dövrlər “Lənkəran Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilib.
Sözügedən müəssisədən “Azərenrerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkədə istismarın keyfiyyətini daha da yüksəltmək üçün rayonun enerji təsərrüfatında plana uyğun olaraq bir sıra mühüm işlər həyata keçirilib. O cümlədən, 10 və 0,4 kV-lik xətlərdə 370-dən artıq dayaq yenisi ilə əvəz edilib. Həmçinin xətlərdə 370 izolyator dəyişdirilib. 30 transformator məntəqəsində müxtəlif güclü transformator təmir olunub. Həmçinin 7 ədəd transformator məntəqəsi yeni KTM tipli transformator məntəqəsi ilə əvəz olunub. Bundan başqa, 110 KV-lik "I Lənkəran" yarımstansiyasında 20 MVA-lıq, 35 kV-lik "Liman" yarımstansiyasında 10 MVA-lıq, eynigərginlikli "Sinovli" və "Xanbulan" yarımstansiyalarının hər birində isə 2,5 MVA-lıq transformatorlar təmir olunub.
Qeyd edək ki, şəbəkənin xidməti ərazisində digər mühüm işlər də həyata keçirilib. Belə ki, 110 kV-lik "Masallı-Lənkəran - 2" hava xəttində 6 dayaq təmir olunub, 110 kV-lik "Masallı-Lənkəran - 1" hava xəttində isə 66 ədəd izolyator dəyişdirilib. Bundan başqa, 35 kV-lik "Boradigah-Sinovli" hava xəttində 200 metr naqil, 10 kV-lik hava xətlərində 860 metr, 0, 4 kV-lik hava xətlərində isə 1400 metr naqil yenisi ilə əvəz olunub.
“Son illər ölkənin elektrik energetika sektorunda müasir texnologiyaların tətbiqi geniş vüsət alır. Elektrik enerjisindən istifadə zamanı uçotun dəqiq aparılmasına və ödənişlərin tam təmin olunmasına imkan yaradan smart-kart tipli sayğacların tətbiqi belə yeniliklərdəndir” – deyən mənbə onu da vurğuladı ki, Lənkəran şəhərində kart tipli sayğacların quraşdırılması artıq yekunlaşıb və bu yeniliyin tətbiqi müsbət nəticələr verməkdədir. Hazırda 0,4 kV-lik xətləri SİP kabellə əvəz edilən rayonun Digah və Şilavar kəndlərində də smart-kart tipli saygaclar quraşdırılacaq.