CİDDİ İRƏLİLƏYİŞ VAR

Image

Lerik rayonunun  elektrik enerjisi ilə təchizatı sahəsində vəziyyətin qənaətbəxş olması son illər rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işləri ilə də bağlıdır.

“Lerik Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik hava xəttində müxtəlif təyinatlı təmir işləri görülmüş, o cümlədən 10 ədəd dayaq əsaslı təmir edilmişdir. Eyni zamanda 10-0,4 kV-lik hava xəttində də nəzərəçarpacaq təmir işləri görülmüş, 185 ədəd ağac dayaq, 10 kilometr naqil, 120 ədəd izolyator dəyişdirilmişdir.

Qeyd edək ki, rayonun Kincivo kəndində sürüşmə nəticəsində 10 kV-lik hava xətti sıradan çıxmışdı. Həmin sürüşmə zonasında 2,5 kilometr uzunluğunda 10 kV-lik yeni xətt çəkilərək, cari ilin noyabr ayının sonunda istifadəyə verilmişdir. Bundan başqa, 12 kənddə 10/0,4 kV-lik transformator əsaslı təmir edilib, 10 kənddə isə 10/0,4  kV-lik transformator yenisi ilə əvəz olunub. Elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə yarımstansiyalarda da təmir işləri aparılmışdır.

Yeri gəlmişkən, Lerik şəhəri, Hrami və Mastayıl kəndlərində smart-kart tipli sayğacların quraşdırılması nəticəsində ötürücü və paylayıcı avadanlıqların  ifrat yüklənmə nəticəsində sıradan çıxması halları minimuma enib.

Mənbədən onu da bildirdilər ki, qış mövsümü ilə əlaqədar iş qrafikinə müvafiq qaydada bərpa işləri həyata keçirilib: dayaqlar təmir edilib, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənib. İstismarın keyfiyyətini daha da yüksəltmək üçün rayonun enerji təsərrüfatında plana uyğun olaraq bir sıra mühüm işlər davam etdirilir.