AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Enerjitəchizatı müəssisələrinin elektrik enerjisinə olan tələbatının daha da dayanıqlı və keyfiyyətli şəkildə ödənilməsi məqsədilə həyata keçirilən təmir işləri uğurla davam etdirilir. “Şəmkir SES Silsiləsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həmişə olduğu kimi ötən ilin son üç ayında da avadanlıqlara texniki xidmət hər iki stansiyada işbilən və bacarıqlı mütəxəssislərimiz tərəfindən aparılmışdır. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunmuşdur. Bütün avadanlıqlar diqqətdə saxlanılır.

Qeyd edək ki, sözügedən dövr ərzindəŞəmkir” SES-də açıq paylayıcı quruluşda 330 kV-lik hava açarları müasir tipli eleqaz açarlarla əvəz edilmişdir.

Mənbədən onu da bildirdilər ki, 2 saylı hidroaqreqatda orta təmir işləri aparılmış və işə qoşulmuşdur. Hazırda işdə olan ümumi gücü 380 MVt təşkil edən 2 hidroaqreqat hazırda saz vəziyyətdədir.  Bununla yanaşı, kran təsərrüfatında olan 5 ədəd kətilli və 2 ədəd körpülü kranlar da saz vəziyyətdədirlər. Ümumilikdə, 13 transformator, 330-110 kV-luq 12 ədəd hava açarları, 12 ədəd kompressor qurğuları profilaktik yoxlamalardan keçirilmiş, hazırda normal vəziyyətdədirlər. Ümumiyyətlə, hazırda SES-də olan avadanlıqlarda, qurğularda təmir işləri profilaktik yoxlamalar davam etdirilir.

“Yenikənd” SES-də cari ilin son üç ayı ərzində hər birinin gücü 37,5 MVt olan 4 ədəd hidroaqreqatlardan 1 və 2 syalı hodroaqreqatda orta təmir işləri aparılmış, digər iki hidroaqreqatda isə cari təmir işləri həyata keçirilmişdir. Hazırda hidroaqreqatlar saz vəziyyətdədirlər. Digər avadanlıqlarda isə təmir işləri qrafikə uyğun davam etdirilir.

Onu da qeyd edək ki, burada işdə olan 2 ədəd kətilli və bir ədəd körpülü kran, 5 ədəd 110 kV-luq qaz açarları, 12 ədəd müxtəlif güclü transformatorlar saz vəziyyətdədirlər.

Yeri gəlmişkən, hazırda hər iki stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.