TEXNİKİ TƏDBİRLƏR ARDICIL XARAKTER DAŞIYIR

Image

Enerjisistemin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasında “Şirvan Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tərkibinə daxil olan energetika müəssisələrinin xüsusi yeri var. Bu sıraya respublikamızın cənub bölgəsini elektrik enerjisi ilə təchiz edən “Şirvan”, “Masallı”, “Lənkəran”, “Astara”, “Lerik”, “Yardımlı”, “Cəlilabad”, “Biləsuvar”, “Neftçala”, “Salyan” və “Hacıqabul” elektrik şəbəkələri daxildir. Bunlardan əlavə, Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən elektrik təsərrüfatına da bu müəssisə tərəfindən xidmət göstərilir.

Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan  məlumatda bildirilir ki, ümumilikdə ilin ötən dövründə görülən işlərin həcmi kifayət qədər çox olub. Təbii fəlakət hallarının daha çox müşahidə olunduğu bəzi bölgələrə xidmət göstərən  şəbəkələrdə həssas nöqtələrin çox olması nəzərə alınaraq, həmin yerlərdə  istismarın yaxşılaşdırılması istiqamətində aparılan təxirəsalınmaz tədbirlərin ardıcıllığı təmin edilir.

Məlumatda  o da bildirilir ki, 220 kilovoltluq "Masallı" yarımstansiyasında 110 kV-lik II "Lənkəran" hava xəttinin və eyni gərginliyə malik IV "Masallı" hava xəttinin yağ açarları müasir tipli eleqaz açarları ilə dəyişdirilib. Hazırda V "Masallı" hava xətti üzrə analoji prosesin həyata keçirilməsi davam etdirilir. Eyni zamanda, 110 kV-lik "Masallı" yarımstansiyasından çıxan xətlər üzrə də eleqaz açarlarının quraşdırılması prosesi gedir.

Qeyd edək ki, 110 kV-lik "Salyan" yarımstansiyasında 110 kV-lik I "Salyan" və I "Neftçala" hava xəttlərinin yağ açarları eleqaz açarlarla əvəz olunub. Eyni gərginlikli "Cənub" yarımstansiyasında II və III "Cənub" hava xətlərinin şinlərarası yağ açarı eleqaz açarla əvəzlənib. Hazırda I "Cənub" hava xəttindəki yağ açarının eleqaz açarla dəyişdirilməsi işi davam edir. Həmin işlər "Ələt" yarımstansiyasında da həyata keçirilir. Eyni zamanda 220 kilovoltluq "Masallı" yarımstansiyasında 1 saylı 125 MVA və 2 saylı 63 MVA avtomat transformatorlar (AT), onların 110 kV-lik giriş yağ açarları, I "Lənkəran" hava xəttinin yağ açarları və keçid yağ açarları təmir olunub.

Yeri gəlmişkən, son vaxtlar 330 kV-lik III, IV "Şirvan", 220 kV-lik I, II  "Şirvan" və III "Masallı" elektrik verilişi xətlərində (EVX) əsaslı təmir işləri görülüb. 110 kV-lik III "Ələt", II, III və IV "Sabirabad", II "Lənkəran" və digər daha 6 hava xətlərinin ümumilikdə 64 kilometrə yaxın hissəsi əsaslı təmir olunub.

Onu da qeyd edək ki, payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər 110 kV-lik I və II "Qazıməmməd" hava xətlərindən də yan keçməyib. Burada da  zərurət yaranan yerlərdə xətlər təmir edilib və xətt armaturları quraşdırılıb.