KÜR QƏSƏBƏSİ SAYĞACLAŞDIRILIR
Şəmkir rayonunda istehlakçıların smart-kart tipli sayğaclarla təchiz olunması davam etdirilir. Rayon mərkəzi, Dəllər Cəyir və Dəllər Daşbulaq kəndləri artıq belə sayğaclarla təmin edilib, yeni transformator məntəqələri yaradılıb və açıq naqillər SİP kabeli ilə əvəz olunub.
“Şəmkir Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon energetiklərinin yaşadıqları Kür qəsəbəsində sayğaclaşma prosesinə başlanılıb.
Qeyd edək ki, Qəsəbədə və ətraf ərazidə 2600-dən çox elektrik enerjisi istehlakçısı var. Yeni tipli sayğacların qoyulması ilə iki briqada məşğuldur. Gün ərzində orta hesabla 65-70 ədəd sayğac quraşdırılır. Eyni zamanda dayaqlar dəyişdirilir, SİP kabelləri çəkilir. Artıq 700-dən artıq istehlakçı yeni sayğacla təmin olunub. Enerji təchizatçıları Kür qəsəbəsində və ətraf ərazilərdə sayğaclaşdırma işlərini cari ilin yanvar ayının sonunadək başa çatdırmaq niyyətindədirlər.
Yeri gəlmişkən, ilkin nəticələr və müşahidələr göstərir ki, qəsəbə sakinləri yeni tipli sayğaclarla təchiz olunmalarının üstünlüklərini görüb razılıqlarını bildirirlər. Enerji itkisinin qarşısının alınmasında, keyfiyyətli və daha da dayanıqlı enerji təminatında yeni sayğacların quraşdırılması və enerji verilişi xətlərinin dayanıqlığının təmin olunması böyük rol oynayır.