REAL İŞ MÜSBƏT NƏTİCƏ DEMƏKDİR...
“Sumqayıt Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər enerji təsərrüfatlarında olduğu kimi, burada da 10-6-0,4 kV-lik elektrik verilişi xətlərində və yardımçı avadanlıqlarda son üç ay ərzində bir sıra təmir-bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Bu tədbirlər REŞ-in balans mənsubiyyətində fəaliyyət göstərən “Yaşıldərə” və “Saray” hava elektrik verilişi xətlərində də uğurla aparılıb. Qeyd edək ki, Yaşıldərə yaşayış massivində yeni yaradılmış güc mərkəzinə 2000 metrdən artıq 10 kV-lik hava elektrik verilişi xətti (HEVX) çəkilmişdir.
Paralel olaraq 10 kV-lik "Saray-2” HEVX təmir edilmiş, 100 metrdən artıq məsafədə naqil quraşdırılımışdır. Elektrik enerjisi verilişinin dayanıqlığının daha da artırılması istiqamətində görülən işlərə 0,4 kV-lik yeni HEVX-lərin çəkilməsi və dayaqların quraşdırılması da daxildir. Bundan başqa 17-ci mikrorayon və 2-ci mikrorayon adlandırılan ərazilərdə də abonentlərin fasiləsiz enerji təminatına diqqət yetirilmiş, burada da müxtəlif təyinatlı yenidənqurma işləri reallaşdırılmışdır.
Onu da qeyd edək ki, həmişə olduğu kimi, məcburi köçkünlərimizin elektrik enerjisindən istifadəsinin daha da dayanıqlı təmin edilməsi diqqət mərkəzindədir. Belə ki, Ceyranbatan qəsəbəsində Doz-1 adlanan ərazidə məskunlaşmış məcburi köçkünlərə 500 metrdən artıq 0,4 kV-lik HEVX çəkilmişdir.
REŞ-in xidməti ərazisində fəaliyyət göstərən digər “Beton zavod” adlandırılan yaşayış massivində 400 kVA-lıq transformatorun təmir edilməsi və onun normal iş rejiminə gətirilməsi burada yaşayan abonentlərə enerji ötürülməsini daha da keyfiyyətli etmişdir.
Tədbirlər sırasına 10 kV-lik "Saray-3", "Saray-8" hava elektrik verilişi xətlərinin fiderlərinin əsaslı təmiri də daxildir. Burada 4 kilometrdən artıq elektrik naqili quraşdırılımışdır.
Ceyranbatan, 42-ci məhəllə, 12 və 17-ci mikrorayon, İnşaatçılar qəsəbəsi və Saray qəsəbəsində də analoji tədbirlər yerinə yetirlmişdir. Qeyd edək ki, adları sadalanan ərazi vahidlərində müvafiq olaraq SİP kabellərinin quraşdırlıması, transformatorların təmiri, yağ açarlarının dəyişdirlməsi işləri yerinə yetirilmişdir.
Ölkənin gözəl və tarixi ərazilərdindən biri olan Şamaxı şəhərinin və şəhərətrafı ərazilərinin elektrik enerjisi təchizatı da xüsusi diqqət mərkəzində olmuşdur. Mənbənin verdiyi məlumata görə, REŞ-in tərkibində fəaliyyət göstərən və şəhərin enerji təchizatında xüsusi rolu olan “Şamaxı” elektrik şəbəkəsi də xidməti sahəsindəki abonentləri fasiləsiz elektrik enerjisi ilə təmin edir. Enerji obyektindən daxil olan məlumata görə son üç ay ərzində yerinə yetirilmiş yenidənqurma işləri enerji verilişinin stabilliyinə geniş imkanlar yaradıb.