KEYFİYYƏT YÜKSƏLİR, DAYANIQLIQ ARTIR
Cəlilabadin mərkəzində SİP kabellərin quraşdırılması əsasən yekunlaşıb. Smart-kart tipli sayğacların quraşdırılması daimi əhali istehlakçı qrupu üzrə təxminən 95 faizi, qeyri-əhali istehlakçı qrupunda isə 60 faizi keçib. Bu da sərf olunan elektrik enerjisinin həcminin azalmasına və ödəniş faizlərinin yüksəlməsinə təsirini göstərib.
Rayon elektrik şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, yeni texnologiyaların tətbiq olunması prosesi genişləndikcə sərfiyyat aşağı düşür. Beləliklə, artıq yüklənmə səbəbindən avadanlıqların sıradan çıxması halları minimuma enir, dayanıqlıq artır.
Ötən il həyata keçirilən ən mühüm işlər haqqında məlumat verən mənbə bildirdi ki, 110 kilovoltluq "Cəlilabad-1" və "Şəhriyar" yarımstansiyalarında zəruri tədbirlər həyata keçirilib. "Ləkin" və "Cəlayir" yarımstansiyalarından çıxan 10 kilovoltluq hava xətlərinin dayaqları dəyişdirilib. Bununla yanaşı, 35 kV-lik "Göytəpə" yarımstansiyasından qidalanan 10 kV-lik elektrik verilişi xətlərində də əsaslı təmir işləri aparılıb. Görülən işlərə nümunə kimi zərurət yaranan yerlərdə yeni və daha keyfiyyətli xətlərin çəkilməsi, dəmir-beton dayaqların dibinin bərkidilməsi, dayaqların yeniləri ilə əvəzlənməsi və sairə göstərilə bilər. Bundan başqa, xeyli sayda transformator məntəqəsində də cari və əsaslı təmir işləri həyata keçirilib. Bəcirəvan kəndində isə transformator məntəqəsinə 630 KVA-lıq transformator quraşdırılıb.
Yeri gəlmişkən, 110/35/10 kilovoltluq əsas yarımstansiyalarda dispetçer məntəqələrinin yenidən qurulması və ya tikilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə prosesə başlanıb.
Elektrik enerjisindən qeyri-qanuni istifadə halları barəsində mənbədən o da bildirildi ki, bu problem özünü hələ də kəskin şəkildə göstərir. Bunun da əsas səbəblərindən biri Cəlilabad rayonunun coğrafi baxımdan böyük əraziyə malik olmasıdır. Eyni zamanda, ərazinin böyük bir hissəsi dağlıqdır. Həmin hissələrdə əsasən açıq naqillərdən istifadə edilir və xətlər həyətlərdən keçir. Bu da çox zaman bəzi abonentlərin qeyri-qanuni müdaxilə yolu ilə elektrik enerjisindən istifadə etmələrinə zəmin yaradır. Lakin buna baxmayaraq, balans sayğacları üzrə hesabatlar əsasında ən çox itki olan xətlər aydınlaşdırılır. Günəşli və Alar kəndlərinin qidalandığı 110 kV-lik "Şəhriyar" yarımstansiyasından çıxan xətlər buna misaldır. Bu iki kəndin ümumi abonentlərinin sayı isə təxminən 2400-dür. Ay ərzində istehlak edilən elektrik enerjisi isə 2 milyon kilovat-saatdan çoxdur ki, bu da həmin kəndlərdə itki hallarının çox olmasından xəbər verir. Qeyd olunan amillər nəzərə alınaraq adları çəkilən iki kənddə şmart-kart tipli sayğacların quraşdırılmasına start verilib.
Mənbəyə istinadən sonda onu da qeyd edək ki, xətlərə müdaxilə edən abonentləri aşkarlamaq məqsədilə mütəmadi keçirilən reydlər səmərə verir. Energetiklər analoji tədbirləri davam etdirir və istehlakçılar arasında enerjidən səmərəli istifadə olunması ilə bağlı təbliğat işi aparırlar.