SAYĞAC SXEMİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR
Digər Regional Elektrik Şəbəkələrində (REŞ) olduğu kimi “Şəki” REŞ-də də sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində reydlər keçirilir. Aşkar edilmiş qayda pozuntularına görə müvafiq qaydada tədbirlər görülür.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2011-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 205 istehlakçının (bundan 168-i məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. O cümlədən, “Zaqatala” EŞ-də 48, “İsmayıllı” EŞ-28, “Balakən” EŞ-də 20, “Qax” EŞ-də 7 analoji fakt qeydə alınmışdır. Ən çox qayda pozuntusu “Şəki” EŞ-də (98 fakt), ən az isə “Oğuz” və “Qəbələ” EŞ-də (hər birində 2 fakt) qeydə alınmışdır. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 528,1 min kilovatsaatdan artıq (bunun 319,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 31,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 43 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, 2011-ci ilin dekabr ayında qayda pozuntularına görə ödənişdə ən yüksək göstərici “Qəbələ” və “Qax” EŞ-də olmuşdur. Belə ki, bu müəssisələrdə hesabat ayında itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyəri ilə yanaşı, ötən aylardan qalmış debitor borcların da müəyyən qisminin ödənişi təmin edilmişdir. Sözügedən təyinat üzrə ödənişdə ən aşağı göstərici isə “İsmayıllı” EŞ-də (10,7%) olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, ötən il ərzində isə 2965 (bundan 2455-i məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdi. Sözügedən REŞ üzrə ən çox qayda pozuntusu “Zaqatala” EŞ-də, ən az isə “Oğuz” EŞ-də qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə müvafiq olaraq 844 və 111 qayda pozuntusu faktı qeydə alınmışdır. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılaraq 9 milyon 496,5 min kilovatsaata yaxın (bunun 4 milyon 439,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 569,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 33 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, 2011-ci il ərzində qayda pozuntularına görə ödənişdə ən yüksək göstərici “Oğuz” və “Qax” EŞ-də olmuşdur. Belə ki, bu müəssisələrdə hesabat dövründə itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyəri ilə yanaşı ötən aylardan qalmış debitor borcların da müəyyən qisminin ödənişi təmin edilmişdir. Hesabat dövründə sözügedən təyinat üzrə ödənişdə ən aşağı göstərici isə “İsmayıllı” EŞ-də (12,7%) olmuşdur.
Mənbələrdən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.