YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Yenicə başa çatan 2011-ci ildə "Mingəçevir SES Silsiləsi" hansı uğurlara imza atıb? Müəssisənin texniki-iqtisadi göstəriciləri necədir, hidroavadanlıqlarda hansı işlər həyata keçirilib?
Bu və digər suallara cavab olaraq sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda qeyd edilir ki, nur istehsalçıları 2011-ci ili uğurla yekunlaşdırıblar. Mərkəzi Dispetçer Xidmətinin bütün göstərişlərinə dəqiq əməl edilib. İl ərzində 1 milyard 14 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da illik proqnozların yerinə yetirilməsi deməkdir. “Mingəçevir” SES-in istismar olunduğu 57 il ərzində isə 66 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilərək enerjisistemə ötürülüb.
Mənbəyə istinadən qeyd edək ki, silsilənin uzunmüddətli istismar olunması üçün texniki yeniləşməyə daim ehtiyac duyulur. Bu istiqamətdə müəssisədə ötən ildən əsaslı yenidənqurma işlərinə start verilib. Hazırda “Mingəçevir” SES-in 1 və 3 saylı hidroaqreqatları tam sökülüb, turbinlərin hissələri dəstləşdirilib və çatışmayan ehtiyat hissələrinin siyahısı bir daha dəqiqləşdirilib. Artıq 3 saylı turbinin yığılması üçün bütün hissələr mövcuddur. Həmçinin, bu aqreqatın disk bağlayıcısı bağlanılıb və turbinin yığılması üçün şərait yaradılıb. 140 MVA-lıq 3 saylı transformatorun əvəzinə 200 MVA-lıq transformator alınaraq stansiyaya gətirilib.
Yeri gəlmişkən, stansiya inşa olunandan baş idarəetmə şiti binanın aşağı hissəsində yerləşirdi. İndi onun üçün ayrıca bina inşa edilir. Artıq binanın zirzəmisi və birinci mərtəbəsinin divarları hörülüb. Bununla yanaşı 110, 220 və 330 kV-lik açıq paylayıcı qurğunun inşası üçün ayrılmış torpaq sahələrində tikinti-quraşdırma işləri davam edir. Mexaniki təmir korpusunun yarımçıq tikintisi başa çatdırılıb və burada son tamamlama işləri görülür.
Onu da qeyd edək ki, stansiyanın yuxarı məcrasında iki dəst kranın elektrik avadanlıqları yeniləşdirilib, troslarının dəyişdirilməsinə başlanılıb. Burada işçi qapıların idarəsi üçün 6 dəst hidravlik qaldırıcı və 6 dəst hidravlik nasos alınıb və onların quraşdırılması işləri gedir. Aşağı məcrada isə iki dəst işçi qapısı və yükqaldırma qabiliyyəti 50 ton olan kran təmir edilib. Ümumiyyətlə, burada həm enerji istehsal edilir, həm də qurğu və avadanlıqlar təzələnir. Bir sözlə, silsilədə hər iki cəbhədə iş görülür.
Mənbədən o da bildirildi ki, “Varvara” SES-də - silsilənin ikinci hissəsində hər 3 hidroaqreqat sökülüb. Stansiyanın aşağı məcradakı sol və sağ sahilində bərkitmə işləri aparılıb, sol sahildə xüsusi profilli svaylar vurulub, svayların bərkidilməsi üçün şpuntlar quraşdırılıb, beton tökülüb. Yuxarı byefdə isə bir sıra işlər artıq yekunlaşıb. Aşağı byefdə də 3 ədəd işçi qapısı təmir edilib.
Mənbə onu da qeyd etdi ki, hazırda təmirçilər 2 və 3 saylı türbinlərin aşağı üzlüyünün özülünü kəsib çıxarmaqla məşğuldurlar. Buradakı təmir meydanında yeni turbinin və generatorun yığılması üçün xüsusi meydançanın hazırlanmasına dair layihə işləri həyata keçirilir. Bu iki hidroaqreqatın və 35 kV-lik yarımstansiya üçün avadanlıqların hissələrinin də yaxın vaxtlarda stansiyaya gətiriləcəyi gözlənilir.
Sonda onu da qeyd edək ki, “Varvara” SES-in 1 saylı hidroaqreqatının hissələri artıq stansiyadadır. Quraşdırma işlərinə başlanılması üçün turbinin aşağı üzüyü yerinə qoyulub, qapağının səthi nöqtəsinin nisbi yüksəkliyi təyin edilib.