YENİ TEXNOLOGİYALARIN TƏTBİQİNİN MÜSBƏT NƏTİCƏSİ
İstər istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi, istərsə də şəbəkənin istismar səviyyəsinin yüksəldilməsi və yeni texnologiyaların tətbiqi baxımından “Şirvan Elektrik Şəbəkəsi” öncüllər sırasında yer tutur. 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində yenidənqurma işlərinə üstünlük verilib. Şəhərin Heydər Əliyev parkı ərazisində 1 və 3 saylı 10 kilovoltluq hava elektrik verilişi xətlərində 30-a qədər qayaq yenisi ilə əvəz olunub və təxminən 4500 metrə qədər naqil dəyişdirilərək yenilənib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ümumilikdə şəbəkə üzrə 282 transformator məntəqəsinin hər birində normal iş ahənginin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Bunlara transformatorların ətrafının yaşıl kütlədən, gövdəsinin çirkli yağlardan təmizlənməsi və s. daxildir. Bundan əlavə, 4 saylı 6 kV-lik hava elektrik verilişi xəttindəki dayaqlar daha keyfiyyətli dəmir-beton dayaqlarla əvəz olunub və iki ədəd ayırıcı quraşdırılıb. Hazırda inşası davam etdirilən 2 saylı 6 kV-lik hava xəttində 1500 metr uzunluğunda AS-50 markalı məftil çəkilib. Bu sadalananlar mövsümə hazırlıq səviyyəsini yüksəltməklə yanaşı, dayanıqlığa da müsbət təsirini göstərib.
Qeyd edək ki, şəhər ərazisində SİP kabellərin çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılması da ümumi fəaliyyətə müsbət təsir göstərmişdir. Bu prosesin yekunlaşması istehlakçılara ötürülən elektrik enerjisinin keyfiyyətinin daha da yüksəlməsinə, avadanlıqların dayanıqlı istismarına, eləcə də istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişinin yüksək səviyyədə təmin olunmasına təsirini göstərir.
Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində daimi əhali istehlakçı qrupu üzrə 17 min 300-dən çox smart-kart tipli sayğac quraşdırılmışdır. 640-dan artıq qaçqın və məcburi köçkün belə sayğaclardan istifadə edir. Qeyri-əhali istehlakçı qrupunda isə 1920-dən çox bu tip sayğac quraşdırılıb.
Onu da qeyd edək ki, bura da elektrik enerjisindən qeyri-qanuni istifadə halları yenə də müşahidə olunur. Ümumilikdə isə yeni texnologiyaların tətbiqi vətəndaşları elektrik enerjisindən qeyri-qanuni istifadə etmək vərdişindən çəkindirir.
Sonda mənbə onu da bildirdi ki, şəbəkə kollektivi üçün bu il qarşıda duran əsas vəzifələrdən biri də 6-10 kV-lik elektrik verilişi xətlərinin yeniləşdirilməsi və bir sıra yarımstansiyalarda yenidənqurma tədbirlərinin həyata keçirilməsidir.