REYDLƏR NƏTİCƏ VERİR

Image

 

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

Füzuli elektrik şəbəkəsindən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,  ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 12,5 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 748 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylarda aktlar üzrə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2011-ci il ərzində isə aşkar edilmiş 108 qayda pozuntusuna görə 1 milyon 517,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 91 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 76 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir

Zərdab EŞ-dən əldə edilən məlumata görə, 2011-ci ilin dekabr ayında keçirilmiş reydlər zamanı 11 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 60 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 88 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, 2011-ci il ərzində isə müəssisə üzrə 47 qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 40,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 62,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 62 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.