ARAN BÖLGƏSİNİN ENERJİ TƏMİNATI GÜCLƏNDİRİLİR

Image

 

Son illər paylayıcı elektrik şəbəkələrinin istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Gələcəkdə də istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi və texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra olunur. Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Hacıqabul” və “Neftçala” EŞ-lərdə də bu istiqamətdə tədbirlər davam edir.

Hacıqabul EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayonun enerji təchizatı 17 ədəd 10 kV, 24 ədəd 6 kV-lik EVX və ümumi gücü 89,1 MVA-dan çox olan 512 ədəd TM vasitəsilə həyata keçirilir.

Məlumatda o da bildirilir ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında  dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr əsasən aradan qaldırılmışdır. Bu istiqamətdə işlər cari ilin I rübündə də davam etdirilmişdir. Belə ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə aparılmış yenidənqurma və təmir işləri çərçivəsində “smart” kart tipli sayğacların quraşdırılması ilə əlaqədar 377 km uzunluğunda koaksal kabel çəkilmişdir. Eyni zamanda bir kilometrə yaxın 6-10 kV-luq elektrik verilişi xətləri təmir olunmuşdur.

Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 26 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri aparılmış, ümumi gücü 900 KVA-dan artıq olan 7 ədəd transformator isə normal iş rejiminə gətirilmişdir.

Neftçala EŞ-dən əldə edilən məlumatda bildirilir ki, istehlakçılara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə xidməti ərazilərində olan 18 ədəd 10, 35 ədəd 6 kV-lik EVX və ümumi gücü 111,4 MVA-dan çox olan 600-ə yaxın TM və KTM-lərə baxış keçirilərək aşkar edilmiş nöqsanlara uyğun tərtib edilmiş tədbirlər planına uyğun olaraq  hava xətlərində yenidənqurma və təmir işlərinin aparılması planlaşdırılır. Həmçinin analoji işlər transformator məntəqələrində həyata keçiriləcəkdir.

Mənbəyə istinadən qeyd edək ki, təmir qrafikinə uyğun işlər cari ilin I rübündə də davam etdirilmişdir. Belə ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik EVX-lərin 12 kilometrindən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda  ümumi gücü 1,1 MVA-dan artıq olan 7 ədəd transformator təmir edilərək şəbəkəyə qoşulmuş, 17 ədəd transformator məntəqəsində də təmir işləri aparılmışdır.

Sonda onu da qeyd edək ki, digər müəsissələrdə olduğu kimi, sözügedən EŞ-lərin  əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər.