GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR

Image

 

İstifadəçilərin daha da keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi istiqamətində aparılan  yenidənqurma işləri davam etdirilir. Son üç ay ərzində aparılan təmir-bərpa işləri “Gəncə Regional Elektrik Şəbəkəsi”ndən (REŞ) də yan keçmədi. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda cari ilin I rübündə REŞ üzrə həyata keçirilən təmir-bərpa işləri haqqında geniş məlumat verilir.

Mənbədən bildirilir ki, təmir işlərinə  EVX-lərdə xeyli sayda izolyatorların yenisi ilə əvəz edilməsi, istismara yararsız naqillərin yeniləri ilə əvəzlənməsi, trassanın yaşıl kütlələrdən təmizlənməsi və s. işlər daxildir. O cümlədən, 35 kV-lik “Gəncəçay” və 1-ci “Toxucu” hava xətlərinin şəhərin mərkəzi hissəsindən keçən 400 metrdən artıq hissəsinin kabel xəttinə keçilməsidə görülmüş işlər siyahıındadır.

Bundan əlavə yarımstansiyalar üzrə də bir sıra işlər aparılıb. Məsələn, 330 kV-lik “Gəncə” yarımstansiyasında 1 saylı 200 MVA avtotranformatorun, 2 saylı 125 MVA avtotransformatorun hava açarları eleqaz açarları ilə əvəz edilmişdir. Müvafiq tədbirlər 4-cü “Ağstafa”, 5-ci “Mingəçevir”, 2-ci və 3-cü “Samux” hava xətlərində də yerinə yetirilmişdir.

Cari ilin son üç ayı ərzində 110 kV-lik “Zəyəm”, “Alabaşlı”,  “Yenikənd” yarımstansiyalarının hər birində iki ədəd  müxtəlif güclü transformator daha güclüsü ilə əvəz edilmiş və istehlakçıların istifadəsinə verilmişdir.

Bütün bunlarla yanaşı, müəssisənin balans mənsubiyyətinə aid olan yüksək gərginlikli digər avadanlıq və EVX-lərdə də əsaslı və cari təmir işləri həyata keçirilmişdir.

Yanğın təhlükəsizliyi tədbirləri barədə də məlumat verən mənbədən bildirildi ki, REŞ-in bütün struktur bölmələrində yanğına qarşı profilaktik işlər aparılır, təhlükəsizliyi təmin etmək məqsədilə işçi heyəti təlimatlandırılır və əks-qəza məşqləri keçirilir. O cümlədən, 110 kV-lik və daha yüksək gərginlikli yarımstansiyalar köpükəmələgətirən maye ilə təshiz olunmuşdur.

Onu da qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar 500 kV-lik “Samux”, 330 kV-lik GAZ, 110 kV-lik “Zəyəm”, “Alabaşlı”, “Yenikənd” yarımstansiyalarında yeni quraşdırılmış transformatorlarda avtomatik yanğınsöndürmə sistemi quraşdırılmışdır.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.