İSTİSMAR SƏVİYYƏSİNİ YÜKSƏLTMƏK ÜÇÜN

Image

 

Bütün enerji müəssisələrində ötürücü və paylaşdırıcı şəbəkələrin texniki istismar səviyyəsinin yüksəldilməsi, eləcə də mövsümə hazırlıq məqsədilə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla yerinə yetirilir. O cümlədən, “Oğuz” və “Qəbələ” elektrik şəbəkələırində də (EŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün zəruri tədbirlər durmadan həyata keçirilir.

Oğuz Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə daxil olan məlumata görə, təmir qrafikinə uyğun olaraq cari ilin I rübündə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “Daşağıl”, “Şəhər”, “Xaçmaz”, “Bayan” və digər hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, ümumilikdə 5 kilometrə yaxın xətt əsaslı təmir edilmişdir. O cümlədən, sözügedən dövr ərzində 1,5 kilometrə yaxın 0,4 kV-lik xətt təmir edilmişdir. Bütün bunlarla yanaşı bu dövr ərzində 7 ədəd transformator məntəqəsində də (TM) təmir işləri həyata keçirilmişdir.

Qeyd edək ki, rayonun elektrik enerji təchizatı 13 ədəd 10 kV-lik EVX, ümumi gücü 40 MVA-dan artıq olan 312 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.

Qəbələ EŞ-dən əldə etdiyimiz məlumatda isə qeyd edilir ki, burada da cari ilin I rübü ərzində həm avadanlıqların istismar səviyyəsinin yüksəldilməsi, həm də mövsümə hazırlıqla əlaqədar xeyli iş görülüb. Belə ki, 10 kV-lik 6 elektrik verilişi xəttinin 1,3 kilometri əsaslı, 7 xəttin isə 7,5 kilometri cari təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin isə 3,6 kilometri təmir edilmişdir. Bundan əlavə, xətlərin trassası yaşıl kütlədən təmizlənib, məftilləri dartılıb. 7 transformator məntəqəsi əsaslı, 5-i isə cari təmir olunmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, bu rayonun elektrik enerji təchizatı 33 ədəd 10 kV-lik EVX, ümumi gücü 119 MVA-dan artıq olan 722 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.

Yeri gəlmişkən, hər iki mənbə onu da bildirdi ki, yağ tutumlu avadanlıqlara yeni transformator yağı əlavə edilmiş və müntəzəm olaraq mütəxəssislər tərəfindən nəzarətdə  saxlanılır.

Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı  müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər enerjisistemin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.