SAMUX VƏ DAŞKƏSƏNDƏ DƏ TƏMİR İŞLƏRİ APARILIB
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Ölkəmizin digər bölgələrində olduğu kimi, qərb bölgəsinin enerji təsərrüfatı işçiləri də bu istiqamətdə üzərilərinə düşən vəzifə borclarını daima məsuliyyətlə yerinə yetirlər.
Samux Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, cari ilin I rübü ərzində balans mənsubiyyətinə aid olan paylayıcı şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 10-6 kV-lik xətlərin 5 kilometri, 0,4 kV-lik xətlərin isə 2 kilometri təmir edilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində 9 ədəd transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 400 kVA-lıq bir ədəd transformator isə təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Yeri gəlmişkən, rayonun enerji təchizatı 41 ədəd 10-6 kV-lik EVX və ümumi gücü 120 MVA-dan çox olan 900 ədəd TM vasitəsilə həyata keçirilir.
Daşkəsən EŞ-dən əldə edilən məlumata görə, sözügedən dövr ərzində müəssisənin xidməti ərazisində 1,2 kilometrdən artıq 10 və 6 kV-lik, 2,3 kilometrdən artıq isə 0,4 kV-lik xətt təmir edilmişdir. Eyni zamanda bu dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan iki ədəd TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, ümumi gücü 7 MVA-dan artıq olan 18 ədəd transformator da təmir edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu rayonun enerji təchizatı isə 32 ədəd 10 və 6 kV-lik EVX və ümumi gücü 62,1 MVA-ya yaxın olan 220 ədəd TM vasitəsilə həyata keçirilir.
Digər görülmüş və görüləcək işlərdən söz açan mənbələr sonda onu da bildirdilər ki, istehlakçıların elektrik enerjisi təchizatının daha da möhkəmləndirilməsi üçün kollektiv daha böyük əzmkarlıqla çalışır. Mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.
Sonda onu da bildirək ki, yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. TM-lərin ərazisi quru otlarından təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. EVX-lərin trassası da yaşıl kütlələrdən təmizlənmişdir.