SUMQAYIT YGEŞ: YENİDƏNQURMA İŞLƏRİ APARILIR
“Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Sumqayıt YGEŞ”in əmək kollektivi də istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı tərk edirik. Gündən-günə inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisinə olan tələbatının artdığı bir vaxtda sistem əhəmiyyətli yarımstansiyaların, yüksəkgərginlikli elektrik verilişi xətlərinin daim saz vəziyyətdə olması vacibdir. Ötən illərdə olduğu kimi, cari ilin I rübündə də görülmüş işlərimiz təqdirəlayiqdir.”
Bu barədə sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bildirilmişdir.
Daxil olan məlumata görə, həmin bu dövrdə Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan "Yaşma" yarımstansiyasında da texniki yenişləşmə işləri görülüb. Ümumilikdə obyektdə müasir texnologiyaların tələblərinə cavab verən avadanlıqların quraşdırılması sayəsində sistemdə enerjinin ötürülməsinin dayanıqlığı daha da artmışdır.
Mənbədən daxil olan digər məlumatda bildirilir ki, sözügedən dövrdə 220 kV-lik “Sənaye Qovşağı”, 110 kV-lik “Sumqayıt-3” yarımstansiyalarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, 110 kV-luq “135 saylı” yarımstansiyada elektrik enerjisinə artan tələbatı nəzərə alaraq 2 saylı 31,5 MVA güc transformatoru 40 MVA güc transformatorları ilə əvəzlənmiş və yarımstansiyanın digər elektrik avadanlıqlarında da təmir işləri aparılmışdır. Eyni zamanda “83 saylı” yarımstansiyada isə 2 saylı 25 MVA güc transformatoru, gərginlik transformatoru və bölmələr arası yağ açarı (BAYA) quraşdırılmışdır. Bütün bunlarla yanaşı, həmin bu dövr ərzində 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar”, “Sitalçay”, “Ceyranbatan”, “Gorədil”, “Şamaxı” və digər yarımstansiyalarda da transformatorlar və onların avadanlıqlarında təmir işləri görülmüşdür.
Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 330 kV-lik I, VIII “Abşeron”, 220 kV-lik “Yaşma”, VII “Abşeron”, 110 kV-lik III, V, VII “Sumqayıt” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir.
Yeri gəlmişkən, iqlim şəraiti ilə bağlı planlaşdırılmış tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilib. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir. Hazırda “83 saylı” yarımstansiyada 2 ədəd qəza yağ tutumu anbarı tikilir. “135 saylı” yarımstansiyada isə qəza yağ tutumu anbarı təmir edilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, ildırımlı mövsümlə əlaqədar olaraq şəbəkədə istismarda olan ildırımdan mühafizə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və tam yararlı vəziyyətə gətirilmişdir.