İSTEHLAK MƏDƏNİYYƏTİ YÜKSƏLİR

Image

Son vaxtlar digər enerji obyektlərində olduğu kimi, Qobustan Elektrik Şəbəkəsində də həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun enerji təsərrüfatında müsbət irəliləyişlər özünü büruzə verir.

Qobustan Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon əhalisinin daha da keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur. Bu il çox sərt keçən qış aylarında da rayonda enerji qıtlığı müşahidə olunmayıb. İstehlakçı qruplar bütün qış boyu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar. Bütün bunlar elektrik təsərrüfatında həyata keçirilən müvafiq tədbirlərlə əlaqədardır.

Mənbəyə istinadən qeyd edək ki, Qobustanda elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri və yarımstansiyalarda təmir işləri yerinə yetirilib. Məsələn, bu ilin birinci rübündə Cəmcəmli kəndində 25 KVA-lıq transformator 160 KVA-lıq transformator ilə əvəz olunub. 10/0,4 kV-lik transformator məntəqələrində 9 ədəd ayırıcı dəyişdirilib, 235 metr müxtəlif markalı kabel çəkilib. 10 kV-lik xətlərdə 16 ədəd dayaq, 50 ədəd izolyator, 2,5 km naqil, 0,4 kV-lik xətlərdə isə 10 ədəd dayaq, 1 km naqil dəyişdirilib. Həmçinin 35 kV-lik xətlərdə cari təmir işləri həyata keçirilib. İstismar müddətini başa vurmuş 70 ədəd sayğac müasir tipli elektron sayğaclarla əvəz edilib.

Yeri gəlmişkən, tədbirlər planına uyğun olaraq, bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara baxış keçirilib. Yarımstansiyaların əraziləri yanar materiallardan, alaq otlarından təmizlənir. Yüksəkgərginlikli xətlərin dayaqlarının dibi bərkidilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkənin xidməti ərazisində sayğacdan kənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən, ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Görülən tədbirlər nəticəsində getdikcə elektrik enenjisindən qeyri-qanuni istifadə edənlərin sayı azalır, əhali istehlak mədəniyyətinə yiyələnir.

Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.