TƏMİR İŞLƏRİ VƏ REYDLƏR DAVAM EDİR
“Enerjisistemin bütün müəssisələri kimi, bizim müəssisənin də balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM), elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri mütəmadi olaraq davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri, yanğından mühafizə sistemlərində avtomatik qurğuların quraşdırılması işləri də günün tələbləri səviyyəsində yerinə yetirilir. Rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 35 ədəd 10 kV-lik , 2 ədəd 6 kV-lik EVX, 714 ədəd ümumi gücü 110,9 MVA-ya yaxın olan balans və qeyri balans TM və KTM-lər vasitəsilə təmin olunur.”
“Zaqatala Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata belə qeyd edilir və bildirilir ki, cari ilin son üç ayı ərzində 10 kV-lik “Car”, “Tala”, “Lahıc” və digər bu qəbildən olan EVX-lərin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif təyinatlı işlər həyata keçirilmiş, o cümlədən 6,4 kilometr xətt təmir edilmişdir. Bundan əlavə sözügedən dövrdə 0,4 kV-lik xətlərdə aparılan təmir işləri çərçıvəsində həmin bu xətlərin 3,2 kilometrə yaxın hissəsi də təmir olunmuşdur.
Qeyd edək ki, hesabat dövründə 74 ədəd TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Bu günə kimi həyata keçirilmiş məqsədyönlü tədbirlərə baxmayaraq, bir çox istehlakçılar enerji israfçılığına yol verir və sonda sayğac sxeminə müdaxilələr edərək enerjidən qeyri qanuni istifadə edirlər. Qayda pozuntularının müəyyən edilməsi, onların qarşısının alınması istiqamətində mütəmadi reydlər keçirilir və həmin bu istehlakçılara qarşı daha sərt tədbirlər görülür və bundan sonra da görüləcəkdir”, – deyən mənbə aşkar edilmiş qayda pozuntularına görə görülmüş tədbirlərdən də danışdı.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 35 qayda pozuntusu aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 126,3 min kilovatsaatdan artıq, yəni 7,6 min manata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 18 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 4 ayı ərzində burada 177 qayda pozuntusu aşkar edilərək 601,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 36,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 32 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Qayda pozuntularının xarakterindən və istehlakçı qrupu üzrə təsnifatından söz açan mənbə elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halının üstünlük təşkil etdiyini və ən çox qayda pozuntusunun məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edildiyini bildirdi.