“İSMAYILLI EŞ”: REYDLƏR NƏTİCƏ VERİR

Image

“İstehkakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində (EVX) əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir”, – deyən “İsmayıllı Elektrik Şəbəkəsi”nin (EŞ) məsul işçisi bildirdi ki, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 31 ədəd 10 kV-lik və 609 ədəd ümumi gücü 83,7 MVA-ya yaxın olan balans və qeyri balans  TM və KTM-lər vasitəsilə təmin olunur.

Sözügedən EŞ-dən cari ilin son üç ayı ərzində müəssisə üzrə görülmüş yenidənqurma və təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan  məlumata görə,  balans mənsubiyyətinə aid olan 10 kV-lik “Qafqaz”, “Mican”, “Quşçuluq”, “Xanlar” və digər bir neçə EVX-də həyata keçirilmiş təmir işləri çərçivəsində həmin bu xətlərin 4,2 kilometri təmir edilmişdir.

Yeri gəlmişkən, 0,4 kV-lik şəbəkə üzrə isə İsmayıllı rayonunun 30A məhəlləsində, Cavanşir, H. Əliyev, A. Aslanov küçələrində, Topçu, Pirdinar, Basqal kəndlərində müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən 2,8 kilometrə yaxın xətt əsaslı və cari təmir edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 13 ədəd transformator məntəqəsində  əsaslı və carı təmir işləri aparılmışdır.

“Şəbəkələrdə aparılan yenidən qurma işləri, sayğac uçot komplektlərin xüsusi qutularda və baxış üçün maneəsiz  yerdə quraşdırılmasına baxmayaraq, sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var. Həmin bu istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür”, – deyən mənbə cari ilin aprel ayında keçirilmiş reydlər və təmir işləri barəsində də məlumat vermişdi.

Onun bildirdiyinə görə,   cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 20 istehlakçının sayğac ucot komplektində pozuntu faktı aşkar edilərək 69,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Aktlar üzrə bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişindən söz açan mənbə bildirdi ki, ötən ay ərzində yazılmış aktların ödəniş səviyyəsi 10 faizdən yuxarı olmuşdur.

Qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə 50-dən çox qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 311,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. 18,7 min manata yaxın olan həmin bu istehlak dəyərinin 13 faizdən artıq hissəsinin ödənilməsi təmin edimiş, qalıq hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.