TEXNİKİ İMKANLAR DAHA DA YAXŞILAŞDIRILIR
“İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) xidməti ərazilərində ənənəvi təmir kampaniyasına start verilib.
Regional müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda REŞ-in balans mənsubiyyətinə məxsus olan “İmişli” elektrik şəbəkəsi də yenidənqurma işlərinin həyata keçirildiyi enerji obyektləri sırasına daxildir. Qeyd edək ki, sözügedən EŞ –nin enerji təchizatı 84 ədəd 10 kV-lik elektrik verilişi xətləri, balansda olan və olmayan 885 ədəd 10 (6)/0,4 kV-luq transformatorlar vasitəsilə təmin olunur. Enerji təchizatında davamlılığın daha da artırılması məqsədilə cari ilin son üç ayı ərzində 110 kV-lik “İmişli”, 35 kV-lik “Muğan”, 10 kV-lik “Rəsullu”, 35 kV-lik “Sarxanlı”, “Məzrəli” və “Aranlı” yarımstansiyalarının HVX-ləri üzrə 4 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilmişdir.
Analoji işlər 0,4 kV-lik EVX-lərdə də aparılmış və normal iş rejiminə gətirilmişdir. Bu tədbirlər sırasına rayonun Otuziki, Qaralar, Xəlfəli, Qulubəyli, Göbəktala, Məzrəli, Çaxırlı, Məmmədli, Telişli, Boşçallar, Sarxanlı, Bəhrəmtəpə və Meliorator qəsəbələri daxildir. Mənbədən verilən məlumata görə, İmişli şəhəri də daxil olmaqla adları çəkilən ərazi vahidlərinin HVX-ləri üzrə 10 kilometrə yaxın məsafədə əsaslı və cari təmir işləri aparılıb.
Istifadəçilərin fasiləsiz elektrik təminatının daha da yaxşılaşdırılması məqsədlilə yerinə yetirilən tədbirlər sırasına müxtəlif güclü transformatorlara texniki baxışların keçirilməsi və onların lazımi səviyyədə təmir edilməsi də daxildir. Belə ki, müəssisədən verilən məlumata əsasən, bu məqsədlə İmişli rayonu üzrə 70-ə yaxın transformator təmir edilərək abonentlərin istifadəsinə verilmişdir.
Qeyd edək ki, itkilərin azaldılması da qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. O cümlədən cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 128 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 303,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 18,2 min manata yaxın istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin 30 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində isə burada 444 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 847,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 50,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də 16 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.