YÜKSƏK KEYFİYYƏT UĞRUNDA
Bu ilin əvvəlindən təbiət öz şıltaqlığı ilə insanları sınağa çəksə də, yüksək dağlıq relyefə malik Qəbələ rayonu ərazisində elektrik enerjisi təminatında heç bir ciddi problem yaşanmayıb. Hazırda rayon elektrik şəbəkəsində 2012-2013-cü ilin payız-qış mövsümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər planının icrasına başlanılıb.
“Qəbələ Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, bu ilin dörd ayı ərzində 10 kV-lik elektrik verilişi xətlərinin 11 km-dən artıq hissəsi cari təmir edilib. Bu məqsədlə 9 ədəd dəmir-beton dayaq, 6 ədəd ağac dayaq istifadə edilib. Eyni zamanda 0,4 kV-lik elektrik verilişi xətlərinin 8 kilometrə yaxın hissəsi əsaslı təmir edilib. O cümlədən Vəndam qəsəbəsində 0,4 kV-lik 7 kilometr uzunluğunda elektrik verilişi xətləri SİP kabellə əvəz olunub. Burada həyata keçirilən yenidənqurma işləri ilə bağlı 80 ədəd ağac dayaq yeni beton dayaqla əvəz olunub.
Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədilə transformator məntəqələrində (TM) də təmir işləri aparılıb. O cümlədən, TM-lərin 11-i əsaslı təmir edilib. Eyni zamanda cari ilin may ayında Çarxana, Savalan, Quşlar kəndlərində istismarda olan transformatorlar isə cari təmir olunub.
Yeri gəlmişkən, son dövrlər Qəbələ şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Yenidənqurma tədbirləri ilə bağlı mövcud elektrik şəbəkəsi də yenilənir.
Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Onlar texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. Dövlət tərəfindən enerjisistemə, bu sahənin əməkçilərinə göstərilən diqqət və qayğı enerji təchizatçılarını daha böyük həvəslə işləməyə ruhlandırır.