YARDIMLI EŞ DƏ DƏ TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, yarana biləcək hər hansı bir qəzanın qarşısının vaxtında alınması məqsədilə digər rayonlarda olduğu kimi, Yardımlı rayonunun da paylayıcı elektrik şəbəkələrində müvafiq təmir işləri həyata keçirilir. Nəticədə istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsinə və təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda itkilərin, ən əsası isə kommersiya itkilərinin qarşısının alınmasına nail olunur.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Yardımlı Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı elektrik şəbəkələrində yenidənqurma və təmir işləri davam etdirilir. Belə ki, cari ilin son üç ayı ərzində 7 ədəd transformator məntəqəsində əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 250 KVA olan bir ədəd transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Qeyd edək ki, təmir işləri elektrik verilişi xətlərindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 10 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri çərçivəsində sözügedən xətlərin bir kilometri də əsaslı təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərin də müəyyən hissəsində əsaslı təmir işləri həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, cari ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı 19 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 75,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin aprel ayında 7 qayda pozuntusu faktı aşkar olunmuş, 27,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı 17 ədəd 10 kV-lik EVX və ümumi gücü 24,8 MVA-ya yaxın olan 264 ədəd TM və KTM vasitəsilə həyata keçirilir.