“BƏRDƏ EŞ”: TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıları daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) idarəetmə strukturuna daxil olan EŞ-lərdə də geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
“Bərdə” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində 1,5 kilometrə yaxın uzunluğunda 10 kV-lik yeni EVX dəyişdirilmiş, eyni gərginlikli xətlərin 9 ədəd dayağı yenisi ilə əvəzlənmiş, xeyli sayda traves quraşdırılmış, izolyatorlar dəyişdirilmiş və 7,3 kilometrə yaxın EVX-də isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 350 metr uzunluğunda yeni 0,4 kV-lik hava xətti (HX) çəkilmiş, 1,2 kilometrdən artıq xətt isə yenisi ilə əvəz edilmişdir. Bütün bunlarla yanaşı 5,8 kilometrə yaxın xətdə əsaslı və cari təmir işləri aparılmış, 2 ədəd dəmir beton dayaq və 13 ədəd traves quraşdırılmış, 23 ədəd dayaq isə dəyişdirilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə 21 ədəd transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 5 ədəd transformator əsaslı təmir olunduqdan sonra yenidən sxemə qoşulmuşdur.
Mənbədən onu da bildirdilər ki, yenidənqurma və təmir işləri qrafikə uyğun davam etdirilir. Görülmuş və görüləcək işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Belə ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 104 istehlakçının (bunun 86-sı məişət abonenti (əhali) istehlakçılarına aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 685,4 min kilovatsaata yaxın (bunun 367,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 41,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 43 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, 2012-ci ilin ötən 4 ayı ərzində keçirilmiş reydlər zamanı isə 764 istehlakçının (bunun 685-i məişət abonenti (əhali) istehlakçılarına aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 3 milyon 535,1 min kilovatsaata yaxın (bunun 2 milyon 534,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 212,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 30 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.