ŞƏBƏKƏLƏRDƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ DAHA DA YAXŞILAŞDIRILIB
“Azərenerji”nin bütün strukturlarında olduğu kimi, “Xırdalan” elektrik şəbəkəsində (EŞ) də istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə EŞ-nin xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində uğurlu təmir-bərpa işləri həyata keçirilmişdir. Qeyd edək ki, “Xırdalan” elektrik şəbəkəsinin enerji təchizatı 33 ədəd 115.05 km-lik 6 kV-lik, 76 ədəd 293.35 km-lik 10 kV-lik EVX-lər, balansda olan və olmayan 763 ədəd müxtəlif güclü transformator və komplekt transformator məntəqələri vasitəsilə həyata keçirilir.
Xırdalan EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir işləri sırasına 10 kV-lik “YDM”, “TM-18”, 6 kV-lik “Saray”, “Hökməli” və “Qobu” hava elektrik xətləri daxildir. Mənbənin bildirdiyinə görə, burada dayanıqlığın daha da möhkəmləndirilməsi üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb. “Xırdalan” EŞ-dən qidalanan Masazır qəsəbəsinin də enerji təminatı daha da yaxşılaşdırılıb. Belə ki, burada fəaliyyət göstərən əsas və yardımçı elektrik avadanlıqları təmir edilmiş, yaxud yeniləri ilə əvəz edilərək istehlakçıların istifadəsinə verilmişdir. Qobu və Aşağı Güzdəkdəki transformator və komplekt transformator məntəqələri də təmir edilərək normal iş rejiminə gətirilib. Burada aparılan yenidənqurma işlərinə yeni SİP kabellərinin quraşdırılması yaxud təmiri də daxildir. Ümumilikdə, sözügedən dövrdə 3,1 kilometrə yaxın SİP kabel xətti çəkilmiş, 1,3 kilometrdən artıq xətt isə dəyişdirilmişdir. “99 saylı”, “At yalı”, “Cəngi” və “28 May” yarımstansiyalarında da analoji təmir-bərpa işləri yerinə yetirilib. EŞ-dən bildirildiyinə görə, buradakı təmir işlərinə transformator yağlarının əlavə edilməsi, müxtəlif sayda farfor izolyatorların metal hissə ilə qoyulması, müxtəlif gücdə transformatorların daha güclüsü ilə əvəz edilməsi daxildir. Sonda onu da qeyd edək ki, təmir-bərpa işləri davamlı olaraq yerinə yetirlir və istehlakçılar enerji təchizatı sarıdan heç bir problemlə üzləşmir.
Müəssisədən bildirdilər ki, enerji daşıyıcıların yüksək səviyyədə fəaliyyətinin davamlılığı məqsədilə atılan addımlar ənənəvi olaraq davam etdirilir ki, bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, burada 2012-ci ilin aprel ayında keçirilmiş reydlər zamanı 45 istehlakçının (bunun 41-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 118,2 min kilovatsaatdan artıq (bunun 115,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 54 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin ötən 4 ayı ərzində isə müəssisə üzrə 350-dən çox (bunun 325-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 2 milyon 340,4 min kilovatsaatan yaxın (bunun 766,3 min kilovatsaatı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 140,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 52 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.