QOBUSTAN EŞ: TEXNİKİ GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR
Ölkə enerji təsərrüfatının bütün sahələrində olduğu kimi, “Qobustan” elektrik şəbəkəsində (EŞ) də istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə EŞ-nin xidməti ərazilərində olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) son üç ay ərzində bir sıra təmir işləri aparılıb. Qeyd edək ki, “Qobustan” elektrik şəbəkəsinin enerji təchizatı 19 ədəd 10 kV-lik EVX-lər, 184 ədəd balansda olan və olmayan müxtəlif güclü transformator və komplekt transformator məntəqələri vasitəsilə həyata keçirilir.
“Qobustan EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir işləri sırasına 10 kV-lik və 0,4 kV-lik “Şəhər”, “Sündü”, “Cəyirli”, “Təklə”, “Bədəlli”, “Cəm-cəmli”, “Nabur”, “Mirzəbaba”, “Şıxzərli” EVX və 10 kV-lik “Nardaran” budaqlanması daxildir. Mənbənin bildirdiyinə görə, burada dayanıqlığın daha da artırılması üçün bir sıra müxtəlif təyinatlı yenidənqurma işləri görülüb. Bu tədbirlərə, naqillərin əvəz edilməsi, izolyatorların quraşdırılması, dayaqların dəyişdirilməsi və yaxud təmir ediməsi aiddir. Belə ki, son üç ay ərzində 3 kilometrə yaxın naqil və 26 ədəd dayaq yenisi ilə əvəzlənmiş, 250 metrə yaxın kabel xətti təmir edilmişdir.
Bundan əlavə, Nabur kəndi ərazisində yerləşən 7 ədəd müxtəlif güclü transformator və komplekt transformator məntəqəlirində 6 ədəd ayırıcı və yeni kabellər quraşdırılaraq istehlakçıların istifadəsinə verilmişdir. Analoji təmir-bərpa işləri “Şəhər-4” və “Bədəlli” ərazilərində də aparılmışdır. Qeyd edək ki, təmir-bərpa işləri mütəmadi olaraq yerinə yetirilir və istehlakçılar enerji təchizatı sarıdan heç bir problemlə üzləşmir. Müəssisədən bildirdilər ki, enerji daşıyıcıların yüksək səviyyədə fəaliyyətini təmin etmək məqsədilə atılan addımlar ənənəvi olaraq davam etdirilir.
“Əməkdaşlarımız həmişə olduğu kimi, bundan sonra da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 10 qayda pozuntusu faktı aşkar edilmişdi. (Aşkar edilmiş qayda pozuntuları məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılaraq 14,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 855 manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 68 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, cari ilin 4 ayı ərzində keçirilmiş reydlər zamanı isə 40 istehlakçının (bunun 38-i məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) sayğac uçot komplektində qayda pozuntusu aşkar edilərək 74 min kilovatsaata yaxın (bunun 70,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə bərpa edilmiş istehlak dəyərinin 70 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Mənbədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.