TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
“Şəmkir Elektrik Şəbəkəsi”ndə əsaslı və cari təmir işləri vüsət alıb. Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, balans mənsubiyyətinə aid olan bütün yarımstansiyalarda, EVX-lərdə və müxtəlif avadanlıqlarda tərtib olunmuş qrafik əsasında əsaslı və cari təmir işləri aybaay yerinə yetirilib. Eyni zamanda burada yenidənqurmaya diqqət artırılıb. Energetiklərin yaşadıqları «Kür» qəsəbəsi artıq tamamilə smart-kart tipli sayğaclarla təmin edilib və yeni beton dayaqlar basdırılıb. İndi 1700-dən artıq abonent şəbəkənin yeni xidmətindən istifadə edir. Hazırda Səməd Vurğun kəndində yeni sayğacların quraşdırılması aparılır.
Qeyd edək ki, cari ilin sonunacan rayonun Zəyəm, Çinarlı, Düyərli və Dəllər kəndlərində də yeni sayğacların quraşdırılması nəzərdə tutulub və bu istiqamətdə tədbirlər həyata keçirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkənin balansında olan yarımstansiyalardan 13-ü artıq əsaslı təmir olunub. O cümlədən 16 ədəd transformator, 1 km uzunluğunda 10-6 kV-lik elektrik verilişi xətti də əsaslı təmirdən çıxarılıb. 140 ədəd trasformator isə cari təmir edilib. 12,5 km SİP kabeli çəkilib, 363 ədəd 0,4 kV-lik dayaq quraşdırılıb. Bütün bunlarla yanaşı şəbəkənin xidməti ərazisindəki 10-6 kV-lik dayaqlardan 18-i, 0,4 kV-lik dayaqlardan 16-sı dəyişdirilərək yenilənib.
Sonda onu da qeyd edək ki, EŞ-in kollektivi qarşıdan gələn payız-qış mövsümünə hazırlaşmaq üçün ilin münasib və əlverişli isti aylarından maksimum faydalanmağa çalışır.