“XAÇMAZ ES”: TEXNİKİ QULLUQ QRAFİKƏ UYĞUN APARILIR
Ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar iqtisadiyyatın bütün sahələrində real nəticələr vermişdir. O cümlədən, ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş “Xaçmaz” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu vardır. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin may ayında 29 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 1 milyon 42 min kilovatsaat çoxdur. Qeyd edək ki, cari ilin 5 ayı ərzində isə 174 milyon kilovatsaat proqnoza qarşı 177 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Yeri gəlmişkən, stansiyada sözügedən dövr ərzində digər texniki-iqtisadi göstəricilərdə də yüksək nəticələr əldə edilmişdir.
Mənbədən əldə etdiyimiz məlumata görə, stansiyada texniki istismar səviyyəsini yüksəltmək, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir. Hazırda aqreqatlarda növbəti istismar həddinə uyğun texniki xidmət işləri həyata keçirilir. Mövcud iqlim şəraiti ilə əlaqədar stansiyada ildırımdan mühafizə vasitələrinə növbədənkənar baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və digər təyinatlı sazlama işləri də aparılmışdır.
“Yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bu məqsədlə də qabaqlayıcı tədbirlər həyata keçirilir”, - deyən mənbə onu da bildirdi ki, istehsalat və xidmət binalarında yanğın təhlükəsizliyinin vəziyyətinə baxış keçirilmiş və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. O cümlədən, yanğınsöndürmə su sisteminin borularının istilik izolyasiyası təmir edilmiş, kran və şlanqlar dəyişdirilmiş, sex və binalar əlavə ödsöndürənlərlə təmin edilmişdir.
Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə istismara verilmiş, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.