PEŞƏKARLIĞIN ARTIRILMASI DIQQƏT MƏRKƏZINDƏDIR

Image

Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə digər elektrik şəbəkələrində olduğu kimi, Oğuz rayonunda da görülən işlərin həcmi xeyli genişləndirilib. Bu haqda “Oğuz Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Belə ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə elektrik verilişi xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. Bu məqsədlə bu ilin dörd ayı ərzində 10 kV-lik xətlərdə 47 dayaq basdırılıb, 8 ədəd 10/0,4 kV-lik TM əsaslı təmir olunub. 10 kV-lik xətlərin 6,3 km, 0,4 kV-lik xətlərin isə 1,5 km məsafəsi təmir olunub. Bununla yanaşı, yarımstansi­yaların əraziləri otlardan təmiz­lənib, ilkin yanğınsöndürmə va­si­tələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yox­lanılıb.

Qeyd edək ki, hazırda payız -qış mövsümü ilə əlaqədar tədbirlər planı davam etdirilir: dayaqlar yenilənir, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, tranformatorlar təmir olunur.

Yeri gəlmişkən, Oğuz dağlıq ərazidə yerləşdiyinə görə, yaz daşqınları zamanı sel suları rayonun elektrik təsərrüfatına da zərər verir. Məsələn, may ayının 13-də Xalxal kəndində 0,4 kV-lik xətdə 2 dirəyi sel suları aşırmışdı. Qəza halı daxili imkanlar hesabına tez bir zamanda aradan qaldırılıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, son dövrlər Oğuz şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Bu tədbirlərlə bağlı mövcud elektrik şəbəkəsi də yenilənir. Hazırda şəhərin Heydər Əliyev prospektində 10 kV-lik xətlərdə köhnə dəmir-beton dayaqlar yeni dayaqlarla əvəz olunur.

Mənbə onu da bildirdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Aşkar olunan faktlar üzrə akt tərtib olunur. Görülən tədbirlər nəticəsində elektrik enerjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır.

Sonda onu da qeyd edək ki, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu məqsədlə mütəmadi olaraq təlimatlandırılırlar.