ŞƏBƏKƏDƏ YENİDƏNQURMA İŞLƏRİ YERİNƏ YETİRLİR
Digər enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda yenidənqurma işləri davam etdirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə cari ilin son 4 ayı ərzində həyata keçirilmiş tədbirlər barədə məlumatda bildirilir ki, şəbəkənin xidməti ərazilərində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir.
Belə ki, 500 kV-lik “Abşeron” yarımstansiyasında layihə əsaında 330 kV-lik açıq paylayıcı quruluşda (APQ) 3 saylı yeni avtotransformatorun quraşdırılması ilə əlaqədar olaraq yenidənqurma işləi davam etdirilir. Eyni zamanda 220 kV-lik APQ-də də yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, şəhərin mərkəzi hissəsinin enerji təchizatının dayanıqlılığının daha da möhkəmləndirilməsi məqsədilə 220 kV-lik “Müşviq” yarımstansiyasında 3 saylı yeni avtotransformatorun quraşdırılmsı işləri də həyata keçirilir.
Onu da qeyd edək ki, 220 kV-lik “Səngəçal” yarımstansiyasında layihə əsasında 110 kV-lik APQ-nın açar, cərəyan və gərginlik transformatorlarının yenisi ilə əvəzlənməsi işləri başa çatdırılmışdır. Hazırda 220 kV-lik APQ-də hava açarlarının və cərəyan transformatorlarının dəyişdirilməsi ilə əlaqədar yenidənqurma işlərinə başlanmışdır.
Mənbədən daxil olan məlumatda o da qeyd edilir ki, 110 kilovoltluq “Binəqədi” yarımstansiyası da bu qəbildən olan enerji obyektlərindəndir. Belə ki, yarımstansiyanın gücünün artırılması ilə əlaqədar olaraq hər birinin gücü 40 MVA olan 3 və 4 saylı transformatorların yeni 63 MVA-ya dəyişdirilməsi üçün quraşdırma işlərinə başlanmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, 220 kilovoltluq “Hövsan”, “8 km”, “Şıx”, 110 kilovoltluq “205”, “Zabrat” yarımstansiyaları da bu tədbirlər sırasına aid edilir. Adları qeyd edilən enerji obyektlərində müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilib. Məsələn, burada müxtəlif gərginlikli bölmələr arasında əlaqələndirici kabellərin yenisi ilə əvəzlənməsi, eleqaz, gərginlik və cərəyan transformatorlarının dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri uğurla yerinə yetirilmişdir. Mənbənin verdiyi məumata əsasən sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirildi.
Yeri gəlmişkən, hazırda 220 kV-lik “Böyükşor” və “Zabrat” yarımstansiyalarının tikintisi davam etdirilir.