REYDLƏR KEÇİRİLİR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi “Şəmkir” EŞ-in əməkdaşları da istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirdikləri reydlər zamanı aşkar etdikləri pozuntulara görə, həmin istehlakçılar barəsində müvafiq tədbirlər görürlər.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şəmkir” EŞ-dən daxil olan məlumata görə, cari ilin may ayında keçirilmiş reydlər zamanı 57 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 815,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 48,9 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı, aktlara görə ötən aylardan yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində isə müəssisə üzrə 268 qayda pozuntusu aşkar edilərək 4 milyon 622,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 277,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir”, – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir-tikinti və yenidənqurma işləri barəsində də ətraflı məlumat verdi.
Mənbənin bildirdiyinə görə, burada sözügedən dövr ərzində TM və KTM-lərdə ümumi gücü 26,8 MVA-dan artıq olan 76 ədəd transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur. Eyni zamanda, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində 11,7 kilometrə yaxın naqil təmir olunmuş, 840 metr SİP markalı kabel çəkilmişdir.
Sonda onu da qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, eyni zamanda enerji haqlarının ödənilməsində də mühüm rol oynayır.
Yeri gəlmişkən, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.