İSTEHLAKÇILAR XİDMƏTDƏN RAZIDIRLAR
Son dövrlər “Lənkəran Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Rayonun bütün istehlakçı qrupları sutka ərzində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.
“Lənkəran” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədilə yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb. Bu ilin beş ayı ərzində 110 kV-lik I «Lənkəran» yarımstansiyasında 35 və 10 kV-lik yağ açarları əsaslı təmir edilib, həmçinin istismar səviyyəsini yüksəltmək üçün digər tədbirlər də həyata keçirilib: transformatorların soyutma sistemi qaydaya salınıb, ildırım ötürücüləri sazlanıb. Həmçinin 110 kV-lik II «Lənkəran» yarımstansiyasında da bir çox işlər görülüb: 16 MVA gücündə 1 saylı transformatorun 110 kV-lik yağ açarı cari təmir edilib, transformatorlar sınaqdan keçirilib. 3, 5 və 6 saylı 10 kV-lik hava xətlərinin yağ açarları əsaslı təmir olunaraq şəbəkəyə qoşulub. 35 kV-lik «Səpnəkəran» yarımstansiyasında isə 1, 2, 3 və 4 saylı hava xətlərinin yağ açarları cari təmir edilərək sınaqdan keçirilib. Həmçinin 35 kV-lik «Liman» yarımstansiyasında 3 saylı «Şəhər» hava xəttinin yağ açarı əsaslı təmir olunub, 2 və 5 saylı hava xətlərinin yağ açarları isə cari təmir edilib.
Qeyd edək ki, yay mövsümü ilə əlaqədar bütün yarımstansiyaların ərazisi quru otlardan təmizlənib, transformatorların yağ tutumlu avadanlıqlarında yağın səviyyəsi normal səviyyəyə çatdırılıb, həmçinin yağ sızmalarının qarşısı alınıb. 20 ədəd 10/0,4 kV-lik transformatorlar əsaslı təmir edilərək şəbəkəyə qoşulub. 35 və 110 kV-lik hava xətlərinin trassası yaşıl kütlədən təmizlənib, boşalmış naqillər dartılıb.
Mənbə onu da bildirdi ki, hazırda istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər davam etdirilir. Belə ki, bu ilin beş ayı ərzində 110 kV-lik «II Lənkəran» hava xəttində 1 ədəd dayaq, 88 ədəd izolyator dəyişdirilib, 2 ədəd ağac traves metal traveslə əvəz olunub. 35 kV-lik hava xətlərində 72 ədəd izolyator dəyişdirilib, 2 ədəd ağac traves metal traveslə əvəz olunub. Eyni zamanda, beş ay ərzində 10 kilovoltluq hava xətlərində 12 ədəd dayaq, 1 km-dən çox uzunluqda naqil dəyişdirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına da təsadüf edilir. Belə ki, bu ilin 5 ayı ərzində 166 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub, 548 min 400 kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 32,9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin 10 min manatdan artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, ötən illər şəbəkənin SİP-ləşdirilməsi, «smart-kart» tipli sayğacların quraşdırılması, şəhər üzrə istehlak edilən elektrik enerjisinin dəyərinin yığılmasında və enerji təchizatının daha da yaxşılaşmasında ciddi irəliləyişlərə səbəb olub. «Smart-kart» tipli sayğacların quraşdırıldığı ərazilərdə ötürücü və paylayıcı avadanlıqların ifrat yüklənmə nəticəsində sıradan çıxması halları minimum səviyyəyə düşüb.
Sonradan bu proses rayonun Şilavar və Digah kəndlərində də davam etdirilib. Hazırda adıçəkilən qəsəbələrin 90 faizi SİP-ləşdirilib, «smart-kart» tipli sayğaclar quraşdırılıb. Eyni zamanda, rayonun Velədi və Sütəmurdov kəndlərinin ərazisində də SİP kabel çəkilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçılar yeni sayğacların quraşdırılmasını razılıq hissi ilə qarşılayırlar. Şəbəkə ilə istehlakçı arasında hansısa əlaqələndiricinin olmasını istisna edən «smart-kart» tipli sayğaclar istehlakçıların ödəniş mədəniyyətinə yiyələnməsində mühüm rol oynayır.