GƏDƏBƏY EŞ-də TƏMİR-BƏRPA İŞLƏRİ APARILMIŞDIR

Image

“Gədəbəy Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayonun elektrik enerjisi təchizatı 27 ədəd 6 və 10 kV-lik elektrik verilişi xətti (EVX), ümumi gücü 54,8 MVA-dan artıq olan 410-dan artıq transformator məntəqəsi və komplekt transformator məntəqəsi (TM və KTM) vasitəsilə həyata keçirilir.

Mənbənin bildirdiyinə görə, cari ilin son üç ayında burada müvafiq  təmir-bərpa işləri aparılmışdır. Belə ki,  müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib. Belə ki, burada sözügedən dövr ərzində EVX-lərin 4,7 kilometrdən artıq hissəsi dəyişdirilmişdir.

Qeyd edək ki, təmir işləri TM və KTM-lərdən yan keçməmişdir. Belə ki, həmin bu dövrdə sözügedən enerji obyektlərinin 39-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən ümumi gücü 4,7 MVA olan xeyli sayda transformator təmir edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.

“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, eyni zamanda enerji haqlarının ödənilməsində və enerjidən qeyri qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə cari ilin 5 ayı ərzində, o cümlədən may ayında sayğac sxeminə müdaxilələrin qarşısının alınması istiqamətində görülmüş tədbirlərdən də danışdı.

Mənbəyə istinadən qeyd edək ki, 2012-ci ilin 5 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 36 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 691,9 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 41,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.  O cümlədən, cari ilin may ayında isə 12 istehlakçının sayğac üçot komplektində pozuntu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 281,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.