ENERJİSİSTEMİN İDARƏOLUNMASI

Enerji sisteminin operativ idarə olunması Sistemin Operatoru - Mərkəzi Dispetçer İdarəsi (MDİ) tərəfindən həyata keçirilir.

Mərkəzi Dispetçer İdarəsinin fəaliyyətinin əsas məqsədi - elektrik enerjisinin istehsalının və ötürülməsinin fasiləsiz idarə olunması ilə texniki reqlamentlərin və digər normativ aktların tələblərinə uyğun respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təchizatının, o cümlədən elektrik enerjisinin keyfiyyət göstəricilərinin təmin edilməsidir.

MDİ-nin fəaliyyəti aşağıdakı əsas istiqamətləri əhatə edir:

Azərbaycan enerji sisteminin rejimlərinin qısamüddətli planlaşdırılması və operativ idarə olunması;

Azərbaycan elektroenergetika sisteminin inkişaf konsepsiyası nəzərə alınmaqla uzunmüddətli və perspektiv planların hazırlanmasında iştirak;

Elektroenergetika obyektlərinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsində iştirak;

Avtomatlaşdırılmış dispetçer idarəetmə sisteminin inkişafı;

Qonşu dövlətlərin (Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstan) enerji sistemləri ilə sinxron (və ya yük adası rejimində) işin və razılaşdırılmış elektrik enerjisi (güc) verilişinin təmin edilməsi;

Bütün təsərrüfat subyektlərinə sistem xidmətlərinin (tezliyin və gərginliyin tənzim olunması, ehtiyat gücün saxlanılması və güc balansına nəzarət, qəzanın ləğvi və s.) göstərilməsi;

Elektrik enerjisinin (gücün) tranziti və transsərhəd ticarətinin həyata keçirilməsi;

Elektrik enerjisinin topdan satışında və digər dövlətlərin enerji bazarlarında iştirak;

Elektrik energetikası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində iştirak.

Azərbaycan enerji sisteminin dispetçer idarəetmə sistemi - SCADA/EMS/Telekommunikasiya/Enerjinin uçotu sistemi “Elektrik enerjisinin ötürülməsi sisteminin inkişafı” layihəsi çərçivəsində 2007-2011-ci illər ərzində yerinə yetirilmişdir.

SCADA/EMS/Telekommunikasiya sistemi - “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan elektrik stansiyalarının, yarımstansiyaların və sistemtəşkiledici elektrik verilişi xətlərinin vəziyyətinə, texnoloji proseslərə və dəyişikliklərə real vaxtda alınan teleölçülər əsasında fasiləsiz nəzarət və idarə etmək imkanına malikdir və hal-hazırda 46 enerji obyektini əhatə edir. Bu sistem Mərkəzi Dispetçer Məntəqəsi, paralel olaraq ehtiyat gözləmə (Stand-by) rejimində işləyən Ehtiyat Dispetçer Mərkəzi və beş Regional Monitorinq Mərkəzi vasitəsilə avtomatlaşdırılmış dispetçer idarəetməsinin reallaşdırılmasına şərait yaradır.

SCADA/EMS sistemi beynəlxalq rabitə protokollarından (İCCP) istifadə olunmaqla ölkə enerji sisteminin qonşu dövlətlərin müvafiq sistemləri ilə texnoloji-dispetçer məlumatlarının mübadiləsini təmin edir.

Telefon-rabitə avadanlıqları sistemi fibro-optik şəbəkə üzərindən yaradılaraq tam yenilənmiş, enerji sistemində çoxsaylı abunəçiləri sürətli, itkisiz və etibarlı rabitə ilə təmin edən telefon stansiyalarından ibarətdir.

SCADA/EMS sistemi açıq struktura malikdir və sistemə yeni obyektlərin birləşdirilməsinə texniki imkan yaradır.

MDİ-nin fəaliyyəti müasir texnoloji platforma əsasında həyata keçirilir.